Data Exfiltration hücumu nədir?

Data Exfiltration hücumu nədir?

Data Exfiltration nədir?

Data Exfiltration — təşkilata məxsus məxfi məlumatların icazəsiz şəkildə sistemdən çıxarılması və kənar tərəfə ötürülməsidir. Bu kimi hadisələr zamanı kibercinayətkarların əsas məqsədi məlumatları əldə etmək, oğurlamaq və sonradan müxtəlif məqsədlər üçün istifadə etməkdir.

Hədəf məlumatlara şəxsi məlumatlar, müştəri bazası, maliyyə sənədləri, giriş məlumatları, şifrlər, kommersiya sirri, daxili sənədlər, müqavilələr, texniki məlumatlar və digər məxfi fayllar daxil ola bilər. Məlumatların sızdırılması həm xarici kibercinayətkarlar, həm də daxili istifadəçilər tərəfindən həyata keçirilə bilər.

Hücum necə baş verir?

Data Exfiltration müxtəlif üsullarla baş verə bilər. Kibercinayətkar fişinq vasitəsilə əməkdaşın hesabını ələ keçirə, zərərli proqram quraşdıra, zəif şifrlərdən istifadə edə və ya sistemdəki təhlükəsizlik boşluğundan yararlana bilər.

Məlumatlar e-poçt, bulud xidmətləri, USB qurğuları, fayl paylaşım platformaları və digər şəbəkə kanalları vasitəsilə sistemdən kənara çıxarıla bilər.

Hücumun təhlükələri

  • Məxfi və şəxsi məlumatların üçüncü tərəflərin əlinə keçməsi
  • Müştəri və əməkdaş məlumatlarının sızması
  • Maliyyə itkilərinin yaranması
  • Kommersiya sirrinin və daxili sənədlərin oğurlanması
  • Şirkətin nüfuzuna zərər dəyməsi
  • Hüquqi və tənzimləyici tələblərin pozulması
  • Ələ keçirilmiş məlumatlardan digər kiberhücumlarda istifadə edilməsi

Qorunma üsulları

  • Giriş hüquqlarını məhdudlaşdırmaq: Əməkdaşlara yalnız iş üçün zəruri olan məlumat və sistemlərə çıxış verilməlidir.
  • Çoxfaktorlu autentifikasiya tətbiq etmək: Hesabların ələ keçirilməsi riskini azaltmaq üçün MFA istifadə olunmalıdır.
  • DLP həllərindən istifadə etmək: Həssas məlumatların icazəsiz ötürülməsi və paylaşılması izlənilməli və bloklanmalıdır.
  • Məlumatları şifrləmək: Məxfi məlumatlar həm saxlanılarkən, həm də ötürülərkən şifrlənməlidir.
  • Şəbəkə fəaliyyətini izləmək: Qeyri-adi məlumat ötürülməsi və şübhəli trafik vaxtında müəyyən edilməlidir.
  • USB və xarici yaddaş qurğularına nəzarət etmək: İcazəsiz cihazlardan istifadə məhdudlaşdırılmalıdır.
  • Kibermaarifləndirmə təlimləri keçirmək: Əməkdaşlara fişinq, sosial mühəndislik, saxta linklər, şübhəli fayllər və məlumat paylaşımı riskləri barədə mütəmadi təlim verilməlidir.
  • Şübhəli halların bildirilməsini təşviq etmək: Əməkdaşlar şübhəli e-poçt, fayl, link və ya məlumat ötürülməsi gördükdə dərhal məsul təhlükəsizlik komandasına məlumat verməlidirlər.

Təşkilatlarda məlumat sızması riskini azaltmaq üçün texniki təhlükəsizlik tədbirləri ilə yanaşı, əməkdaşların kibermaarifləndirmə səviyyəsi mütəmadi olaraq artırılmalı və məlumatlarla təhlükəsiz davranış qaydaları davamlı şəkildə xatırladılmalıdır.

CYBERSIGN, şirkətlər üçün kibertəhlükəsizlik maarifləndirmə təlimləri və təhlükəsizlik həlləri təqdim edir