LockBit Nədir?

LockBit Nədir?

LockBit dünyada ən geniş yayılmış və ən təhlükəli fidyə yazılımı hücumlarından biri hesab olunur. İlk dəfə 2019-cu ildə aşkarlanan bu hücum qısa müddətdə minlərlə təşkilatı hədəfə alaraq dövlət qurumları, səhiyyə təşkilatları, təhsil müəssisələri və özəl şirkətlər üçün ciddi təhlükəyə çevrilmişdir.

LockBit-in əsas məqsədi təşkilatların informasiya sistemlərinə icazəsiz daxil olmaq, kritik məlumatları oğurlamaq və faylları şifrləyərək onları istifadəyə yararsız vəziyyətə gətirməkdir. Hücumdan sonra kibercinayətkarlar məlumatların bərpası və ya oğurlanmış məlumatların ictimai şəkildə paylaşılmaması müqabilində fidyə tələb edirlər.

Bu qrupun fərqləndirici xüsusiyyətlərindən biri yalnız məlumatları şifrləməklə kifayətlənməməsidir. LockBit operatorları, əksər hallarda məlumatları əvvəlcədən ələ keçirir və təşkilat ödəniş etmədiyi təqdirdə həmin məlumatları internetdə yayımlamaqla təhdid edirlər. Bu yanaşma təşkilatlar üzərində həm əməliyyat, həm maliyyə, həm də reputasiya baxımından ciddi təzyiq yaradır.

Müasir fidyə yazılımı hücumları artıq təkcə texniki problem deyil. Onlar təşkilatların fəaliyyətinin dayanmasına, xidmətlərin göstərilməsində fasilələrə, müştəri məlumatlarının ifşasına və böyük maliyyə itkilərinə səbəb ola bilən strateji risklərdən birinə çevrilmişdir.

LockBit Hücumu Necə Baş Verir? Əksər hallarda hücum bir fişinq e-poçtu, oğurlanmış istifadəçi hesabı, zəif şifr və ya təhlükəsizlik yenilənməsi edilməmiş sistem vasitəsilə başlayır. Sistemə daxil olduqdan sonra kibercinayətkarlar şəbəkə daxilində hərəkət edir, vacib məlumatları toplayır və daha sonra faylları şifrələyərək təşkilatın fəaliyyətini iflic vəziyyətinə sala bilirlər.

Hücumun təsirləri:

  • Biznes proseslərinin dayanması
  • Məlumatların itirilməsi və ya əlçatmaz olması
  • Məxfi məlumatların internetdə paylaşılması riski
  • Maliyyə itkiləri
  • Müştəri etibarının azalması
  • Hüquqi və tənzimləyici çətinliklər

Necə Qorunmaq Olar?

  • Əməkdaşların kibertəhlükəsizlik üzrə mütəmadi maarifləndirilməsi
  • Fişinq simulyasiyalarının tətbiqi
  • Çoxfaktorlu autentifikasiyanın (MFA) istifadəsi
  • Sistem və proqramların vaxtında yenilənməsi
  • Güclü şifr siyasətinin tətbiqi
  • Ehtiyat nüsxələrin müntəzəm saxlanılması
  • Şəbəkənin seqmentləşdirilməsi
  • Təhlükəsizlik monitorinqi və aşkarlama həllərinin istifadəsi

Unutmayın: Fidyə yazılımlarına qarşı ən güclü müdafiə yalnız texnologiya deyil, həm də məlumatlı və hazırlıqlı əməkdaşlardır.

CYBERSIGN, şirkətlər üçün kiber təhlükəsizlik maarifləndirmə təlimlərinin təşkili və şirkət təhlükəsizliyinin təmin edilməsi üçün kiber təhlükəsizlik xidmətlərini təklif edir.